Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır

0

  •       Müstəqil Azərbaycan dünyanın əksər dövləti, eləcə də mötəbər təşkilatlarla əlaqələrini daha da inkişaf etdirir. Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi tanıdıb və ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib. Azərbaycan Prezidentinin həm xarici səfərləri, həm də ölkəmizə təşrif buyuran dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, imzalanan strateji tərəfdaşlıq sazişləri respublikamızın ayrı-ayrı dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir. Son illərdə Azərbaycanla əlaqələri sürətlə inkişaf edən ölkələrdən biri də Tacikistandır. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılıb. İki ölkə arasında diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurulub və bu gün xalqlarımız uğurlu nəticələr əldə edə biliblər. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Bizim bugünkü uğurlu inkişafımız, məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.İki ölkə arasında münasibətlərin yaxşı tarixi və çox yaxşı gələcəyi var. Ölkəmiz arasında həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. Cari ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsi təkcə bu ilin ilk iki ayı ərzində 824 590 dollar təşkil edib ki, bunun da 3 270 dol­ları Tacikistanın ixracının, 821 320 dol­ları isə Azərbaycanın ixracının payına düşüb. Bütün bunlarla yanaşı, Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. Keçən il SOCAR tərəfindən dost ölkəyə 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib. Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının səmərəliliyinin artırılması da daim diqqətdə saxlanılır. Kvota çərçivəsində “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankının mübadilə edilməsi də bu məsələyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. İki ölkə arasında münasibətlərin bu cür dinamik inkişafı iqtisadi sahədə yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Dövlət başçımız Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. İki ölkə arasında münasibətlərin dinamik inkişafı dövlət başçılarının mətbuata bəyanatlarında da öz ifadəsini tapıb. Tacikistan Prezidenti bəyanatında iqtisadi əməkdaşlığın perspektivlərindən danışarkən sənaye kooperasiyası sistemində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların, habelə metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb. Tacikistanın dövlət və kommersiya strukturları tərəfindən yük­daşıma həcmlərinin artırılması məqsədilə müəyyən layihələr həyata keçiriləcəyini də vurğulayıb. Dövlət başçısı Tacikistana səfəri çərçivəsində iki ölkə arasında yerquruluşu, torpaq münasibətləri, kadastr,Yerin məsafədən zondlanması, gömrük xidmətlərinin tənzimlənməsi, kənd təsərrüfatı, investisiyalar kimi məsələlərə aid sənədlər imzalandı. İkitərəfli əməkdaşlığın hüquqi bazasını, əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 saziş təşkil edib. Hüquqi müqavilə bazasının əsası iki ölkənin liderlərinin rəsmi səfərlərinin nəticələrinə əsasən formalaşıb. Bu ikitərəfli sənədlər siyasi, iqtisadi, ticari, investisiya, sənaye, nəqliyyat, turizm, elmi-texniki sahədən mədəni-humanitar sahəyədək müxtəlif sferaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlığını əhatə edib. 2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı sənədi imzalanıb. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol imzalandı.Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalandı.Əminliklə söyləyə bilərik ki, dövlət başçıları arasında aparılan danışıqların və imzaların nəticələri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Bunlar yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır. Prezidentimiz Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək. Yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.Aydın Əliyev,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib48 dəfə
    Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır

    Maraqlı gələ bilər
    52